15 sentyabr – Bilik Günü münasibətilə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) himayəsində olan şəhid ailələrinə diqqət və qayğı tədbirləri davam etdirilir.
Bu çərçivədə Vətən müharibəsi şəhidi Gülalı Qəhrəmanovun ailəsi ziyarət olunub. Görüş zamanı şəhidin bu il ilk dəfə məktəbə – 1-ci sinfə qədəm qoyan oğlu Murad Bilik Günü münasibətilə səmimi qəlbdən təbrik edilib, ona yeni tədris ilində dərslərində uğurlar arzulanıb. Ziyarət zamanı şəhidin digər övladları Ləman və İzzətə də Respublika Birliyi tərəfindən məktəb ləvazimatları və müxtəlif hədiyyələr təqdim olunub.
Şəhid ailəsi göstərilən diqqət, qayğı və mənəvi dəstəyə görə Həmkarlar İttifaqı rəhbərliyinə minnətdarlığını bildirib. Görüşdə həmçinin Vətən uğrunda canından keçən igid şəhidimiz Gülalı Qəhrəmanovun əziz xatirəsi dərin ehtiramla yad edilib.



