Müdafiə Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsi və nazirliyin “N” saylı hərbi hissəsinin birgə təşəbbüsü ilə xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı münasibətilə təntənəli bayram tədbiri və ekoloji aksiya təşkil olunub.
16 mart 2026-cı il tarixində baş tutan tədbirdə həmkarlar ittifaqının rəhbər heyəti, hərbi hissənin komandanlığı, zabitlər və əsgər heyəti fəal iştirak ediblər.
Tədbir çərçivəsində xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlərinin, Novruz adət-ənənələrinin gənc nəsil və hərbi qulluqçular arasında geniş təbliği ön plana çəkilib. Baharın gəlişi və təbiətin oyanışı rəmzi olaraq, ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpası və hərbi hissə ərazisində yaşıllaşdırma işlərinin genişləndirilməsi məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası həyata keçirilib.
Aksiya zamanı hərbi hissənin ərazisində torpaq-iqlim şəraitinə uyğun olaraq çoxsaylı yeni həmişəyaşıl və bəzək ağacları əkilib, mövcud yaşıllıqlara aqrotexnik qulluq göstərilib.
Tədbirdə çıxış edənlər qeyd ediblər ki, bu cür aksiyaların keçirilməsi təkcə ekoloji mühitə töhfə vermir, həm də ordu ilə cəmiyyət, o cümlədən həmkarlar ittifaqı təşkilatları arasındakı sıx birliyi, mənəvi həmrəyliyi daha da gücləndirir. Bayram ərəfəsində hərbi xidmətdə olan əsgər və zabit heyəti üçün yaradılan bu xoş atmosfer və bəxş olunan yüksək əhval-ruhiyyə hərbçilər tərəfindən böyük rəğbətlə qarşılanıb.
Hərbi hissə rəhbərliyi və şəxsi heyət Novruz bayramı ərəfəsində göstərilən bu yüksək diqqət, qayğı və birgə ekoloji təşəbbüsə görə Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinə öz dərin təşəkkürlərini bildiriblər.
