Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin üzv təşkilatı olan Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Həmkarlar İttifaqı Komitəsi əməkdaşların asudə vaxtının səmərəli və mənalı təşkili istiqamətində növbəti tədbiri həyata keçirib.
Komitənin təşəbbüsü ilə agentliyin bir qrup əməkdaşı Səməd Vurğun adına Azərbaycan Yazıçılar Birliyinin Yaradıcılıq Evinə göndərilib. Bu təşəbbüsün əsas məqsədi işçilərin gündəlik əmək fəaliyyətindən sonra mənəvi-mədəni istirahətini təmin etmək, onların yaradıcı potensialını dəstəkləmək və kollektiv daxilində səmimi ünsiyyət mühitini daha da gücləndirməkdir.
Azərbaycanın görkəmli şairi Səməd Vurğunun adını daşıyan bu mədəniyyət ocağında əməkdaşlar üçün yaradılan şərait, onların asudə vaxtının həm istirahət, həm də mütaliə və mədəniyyət mühiti ilə zənginləşməsinə xidmət edir. Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi qeyd edib ki, əməkdaşların sosial rifahının yüksəldilməsi və onların mədəniyyət obyektlərinə cəlb edilməsi bundan sonra da diqqət mərkəzində saxlanılacaq.
Təşəbbüs əməkdaşlar tərəfindən böyük rəğbətlə qarşılanıb və onların istirahətinin daha məqsədyönlü təşkilinə mühüm töhfə verib.




