Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Mediasiya Şurasının nümayəndələri ilə görüş keçirilib. Tədbir çərçivəsində Mediasiya Şurasında yeni təsis olunmuş ilk həmkarlar ittifaqı təşkilatının AHİK sisteminə inteqrasiyası rəsmiləşdirilib.
Görüşdə əvvəlcə Konfederasiyanın həyata keçirdiyi son islahatlara həsr olunmuş videoçarx nümayiş etdirilib.
Tədbirdə çıxış edən AHİK sədri Sahib Məmmədov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkənin iqtisadi qüdrətinin möhkəmləndirilməsi və vətəndaşların sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü siyasətin həmkarlar hərəkatının inkişafına böyük təkan verdiyini bildirib. O, həmçinin Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın sosial təşəbbüslərinin xüsusi önəmini vurğulayıb. AHİK sədri qeyd edib ki, həmkarlar ittifaqı sistemində rəqəmsal həllər geniş tətbiq olunur, xidmətlərin əlçatanlığı artırılır və sosial layihələrin əhatə dairəsi genişləndirilir. O, Mediasiya Şurasında ilk həmkarlar ittifaqı təşkilatının yaradılmasının əmək hüquqlarının kollektiv müdafiəsinə, sağlam əmək münasibətlərinin inkişafına və həmrəyliyin möhkəmləndirilməsinə mühüm töhfə verəcəyini diqqətə çatdırıb.
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov çıxışında ölkəmizdə mediasiya institutunun fəaliyyətindən, bu sahənin inkişafı üçün yaradılan imkanlardan və mübahisələrin məhkəmədənkənar həllində təsisatın rolundan söz açıb. Nadir Adilov mediatorların peşəkarlığının artırılması, onların hüquqi və təşkilati baxımdan dəstəklənməsi istiqamətində görülən işləri qeyd edərək, əməkdaşların həmkarlar ittifaqında birləşməsinin bu sahədə əlavə imkanlar yaradacağını vurğulayıb.
Görüşün sonunda Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin sədri Hikmət Nəbiyev Mediasiya Şurasının ilk həmkarlar ittifaqı təşkilatının Birliyə üzv qəbul edilməsi barədə qərarı təşkilatın sədri Kamil Lətifova təqdim edib.





