Sentyabrın 10-da Azərbaycan Respublikası Maliyyə Nazirliyi Həmkarlar İttifaqı Komitəsinin növbədənkənar yığıncağı keçirilib.
Yığıncaqda çıxış edən Maliyyə Nazirliyinin Aparat rəhbəri Xalıq Rəhmanov və Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) sədri Hikmət Nəbiyev Həmkarlar İttifaqı Komitəsinin fəaliyyətini yüksək qiymətləndiriblər. Qeyd olunub ki, Komitə tərəfindən əməkdaşların əmək hüquqlarının və qanuni mənafelərinin qorunması, kollektivdə sağlam və əlverişli iş mühitinin yaradılması, sosial rifahın və asudə vaxtın səmərəli təşkilinin dəstəklənməsi, həmçinin onların sanatoriya və istirahət mərkəzlərinə yollayışlarla təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib.
Nizamnaməyə uyğun olaraq Həmkarlar İttifaqı Komitəsinin və Təftiş Komissiyasının yeni tərkibləri formalaşdırılıb, Həmkarlar İttifaqı Komitəsinin tərkibi 11 nəfər, Təftiş Komissiyasının tərkibi isə 3 nəfərdən ibarət olaraq təsdiq edilib. Nazirliyin Maliyyə və təminat şöbəsinin müdiri Bəhruz Məmmədov Həmkarlar İttifaqı Komitəsinin yeni sədri seçilib.
Sonda Komitənin keçmiş sədri Eldar Mahmudov həmkarlar ittifaqı fəaliyyətindəki uzunmüddətli və səmərəli xidmətlərinə görə ADİİXİ Hİ Respublika Birliyinin Fəxri Fərmanı ilə təltif edilib.


