18 sentyabr 2026-cı il tarixində Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) təşkilatçılığı ilə İsmayıllı şəhər Heydər Əliyev Mərkəzində “Narkomaniyaya və narkotik vasitələrin dövriyyəsinə qarşı mübarizə” mövzusunda zona seminarı keçirilib.
Seminarda ADİİXİ Hİ Respublika Birliyinin xidmət sahəsinə daxil olan 12 rayon komitəsindən 70 nəfər həmkarlar ittifaqı fəalı iştirak edib.
Tədbirdə narkotik vasitələrdən istifadənin və asılılığın qarşısının alınması, zərərçəkənlərin reabilitasiyası, onların sosial həyata və əmək bazarına inteqrasiyası, habelə bu mübarizədə ailə və sosial mühitin mühüm roluna dair geniş müzakirələr aparılıb. Maarifləndirmə tədbirinin əsas məqsədinin cəmiyyətin, xüsusilə gənclərin zərərli vərdişlərdən qorunması və profilaktik işlərin gücləndirilməsi olduğu vurğulanıb.
Seminarda ADİİXİ Hİ Respublika Birliyinin nümayəndələri ilə yanaşı, İsmayıllı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları da iştirak edərək mövzu ilə bağlı mühüm məsələlərə toxunub və tövsiyələrini diqqətə çatdırıblar.