15 sentyabr – Bilik Günü münasibətilə Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyinin (ADİİXİ Hİ RB) himayəsində olan şəhid ailələrinə diqqət və qayğı tədbirləri çərçivəsində növbəti ziyarətlər həyata keçirilib.
Tədbir çərçivəsində şəhid Alik Musayevin ailəsinə baş çəkilib. Bu il ilk dəfə məktəbə – 1-ci sinfə qədəm qoyan qızı Güllər və ailənin digər övladı ilə səmimi görüş keçirilib, uşaqlara Bilik Günü münasibətilə məktəb ləvazimatları və müxtəlif hədiyyələr təqdim olunub.
Həmçinin şəhid Adil İbrahimlinin ailəsi ziyarət olunub. Bu il 1-ci sinfə gedən qızı Xəzra təbrik edilib, ona və ailənin digər övladı Əbəlfəzə müxtəlif hədiyyələr təqdim edilib.
Görüşlər zamanı şəhid ailələrinin qayğı və problemləri ilə yaxından maraqlanılıb, onlara daimi mənəvi dəstək nümayiş etdirilib. Uşaqlara yeni tədris ilində dərslərində yüksək nailiyyətlər arzulanıb, eyni zamanda Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.




