Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı (ADİİXİ Hİ) Respublika Birliyinin Naftalan Şəhər Komitəsində növbədənkənar Plenum iclası keçirilib. İclasda komitənin rəhbər heyəti, ittifaq üzvləri və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Plenum çərçivəsində regional komitənin cari fəaliyyəti, qarşıda duran vəzifələr və struktur islahatları ilə bağlı geniş müzakirələr aparılıb. İclasın gündəliyində dayanan əsas mövzu təşkilati məsələlərin tənzimlənməsi və idarəetmənin daha səmərəli təşkili olub. Tədbir iştirakçıları regionda həmkarlar ittifaqı hərəkatının gücləndirilməsi, işçilərin əmək hüquqlarının daha etibarlı qorunması və sosial rifahının yüksəldilməsi istiqamətində görüləcək işlər barədə rəy və təkliflərini səsləndiriblər.
Daha sonra təşkilati məsələlər çərçivəsində Naftalan Şəhər Komitəsinin sədri vəzifəsinə seçkilər keçirilib. Nizamnamə qaydalarına uyğun olaraq, açıq səsvermə yolu ilə keçirilən seçkinin nəticələrinə əsasən, Elçin Salmanzadə yekdilliklə Naftalan Şəhər Komitəsinin yeni sədri seçilib.
İclasın sonunda komitənin gələcək fəaliyyət planının səmərəli reallaşdırılması ilə bağlı müvafiq qərarlar qəbul edilib. ADİİXİ Hİ Respublika Birliyinin rəhbərliyi və kollektivi adından Elçin Salmanzadəni yeni vəzifəyə seçilməsi münasibətilə təbrik edir, ona Naftalan şəhərində həmkarlar ittifaqının fəaliyyətinin genişləndirilməsi və üzvlərin mənafelərinin müdafiəsi yolunda uğurlar arzulayırıq.
.jpg)
.jpg)

